Şriftin ölçüsü :

Saytın rəngi :

Qənbər Qurbanov Kəlbəcər rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq məktubu ünvanladı.

21 iyul 2020 | 16:00

Möhtərəm cənab Prezident.
     İyul ayının 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mənfur düşmənlərimiz tərəfindən hərbi təxribatların törədilməsini şiddətlə qarşılayırıq. Sizin dövlət başçısı və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi bu çətin və şərəfli günlərdə verdiyiniz müdrik və qətiyyətli qərarlar qəlbimizi fərəh hissi ilə doldurur. Sizin sərkərdəliyinizlə şanlı ordumuz ilk gündən düşmənə sarsıdıcı zərbələr vurur və bu uğurlu döyüş əməliyyatları hazırda da müvəffəqiyyətlə davam etdirilir.
      Sizin uzaqgörən daxili və xarici siyasətiniz, sağlam və milli ruhlu strategiyanız nəticəsində günbəgün möhkəmlənən xalq-iqtidar birliyi bu həssas günlərdə dövlətimizin mövqelərini daha da gücləndirir, vətəndaşlarımızı daha da ruhlandırır.
İyul ayının 14-də minlərlə vətənpərvər İnsan Ali Baş Komandan kimi Sizə və ordumuza dəstək olacaq fikirlər, vətənpərvər şüarlar səsləndirmək üçün Şəhidlər Xiyabanına toplaşdı və bu çətin, taleyüklü günlərdə xalqımızın öz dövləti, onun rəhbəri ilə həmrəy olduğunu bütün dünyaya, eləcə də mənfur düşmənlərimizə bir daha nümayiş etdirdi. Onu da qeyd edim ki, həmin gün yürüş zamanı bir qrup təxribatçı tərəfindən törədilmiş çirkin əməlləri qətiyyətlə pisləyirik.
      Bildirmək istəyirik ki, ölkəmizi 1992-1993-cü illərin xaoslu günlərinə qaytarmaq istəyənlərin çirkin niyyətləri heç zaman baş tutmayacaq. Məhz həmin dövrdə ölkədə yaranmış xaosdan istifadə edən düşmənlərimiz torpaqlarımızın bir hissəsini işğal etdilər. Xalqımız indi də həmin günləri ürək ağrısı ilə xatırlayır. Ona da əminik ki, heç bir daxili və xarici qüvvə bizi bir daha həmin tarixə qaytara bilməz.
      Cənab Prezident, müstəqil və qüdrətli Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin ideoloji xəttini sədaqət və rəşadətlə davam etdirdiyinizə, ardıcıl və qətiyyətli siyasətinizə, işğal olunmuş torpaqlarımızın azad olunması naminə göstərdiyiniz prinsipial mövqeyinizə görə Sizə minnətdarlığımızı və ehtiramımızı bildiririk. Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövrdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da mühüm nailiyyətlər əldə olundu, Azərbaycan ordusu hərbi qüdrətinə görə dünyanın ən güclü orduları sıralarına daxil oldu. 2016-cı ilin aprel döyüşləri zamanı bütün dünya bu həqiqətin şahidi oldu. Aprel döyüşləri, Lələtəpə yüksəkliyinin azad olunması və Çocuq Mərcanlıya dönüş Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə xalqımızın, milli ordumuzun qələbələrinin başlanğıcı oldu. Həmin şanlı tariximizdən güc alan ordumuz bu gün daha böyük əzmlə düşmənə zərbələr vurmaqdadır. Ürəkdən inanırıq ki, Sizin rəhbərliyinizlə apardığımız mübarizə qələbə ilə nəticələnəcək, işğal olunmuş torpaqlarımız geri qaytarılacaq və biz tezliklə öz doğma yurdlarımıza dönəcəyik. Mən bir ağsaqqal kimi, bu şanlı döyüşlər zamanı şəhid olan övladlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm.
         Möhtərəm cənab Prezident, bir daha əmin olun ki, xalqımız Sizinlədir, hər zaman qüdrətli dövlətimizin və onun rəhbərinin yanındadır. Tanrı Sizi qorusun.
         Kəlbəcər rayon ictimaiyyəti adından dərin hörmət və ehtiramla,
         Qənbər Qurbanov
         Azərbaycan Respublikası Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri
         Azərbaycan Respublikası, Bakı şəhəri.

Keçidlər