Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev: "Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə.”

11 iyun 2020 | 16:00

Ölkəmizdə bu mühüm layihələrin reallaşdırılması koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etmək məqsədi daşıyır. Qeyd edək ki, ilk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulub. Bütün bunlar pandemiya ilə mübarizə çərçivəsində Azərbaycan Prezidentinin birbaşa həyata keçirdiyi qətiyyətli, siyasətin məntiqi nəticəsi, dövlətimizin başçısının tapşırığı ilə hazırlanan dəstək paketlərinin yüksək səviyyədə icra olunmasının bariz ifadəsi, həmçinin Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirdiyi kimi, koronavirusla ən uğurlu mübarizə aparan ölkələr sırasında xüsusi yer almasının təsdiqidir.
       Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə iyunun 9-da üç modul tipli xəstəxananın açılışında dövlətimizin başçısı yuxarıda qeyd edilənlərlə bağlı ətraflı məlumat verib. Ölkə rəhbəri çıxışında yaxın gələcəkdə – təxminən ayın sonuna qədər qalan 6 xəstəxananın da istifadəyə veriləcəyini, bununla da bu cür tibb müəssisələrinin sayının 10-a çatacağını və nəticədə koronavirusla bağlı mübarizədə mövcud imkanların daha da genişlənəcəyini diqqətə çatdırıb.
     Möhtərəm Prezidentimiz deyib: “Sevindirici hal ondan ibarətdir ki, bu 10 xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir.
Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım da göstərmişlər və bu proses davam edir. Amma hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək”.
       Dövlətimizin başçısı çıxışında görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığının dayandığını və qabaqlayıcı tədbirlər sayəsində hazırda vəziyyətə tam nəzarət edildiyini vurğulayıb. Ölkə rəhbəri son 10 gün ərzində yoluxanların sayının artmasından narahatlığını da diqqətə çatdıraraq, belə bir vəziyyətin yumşalma dövründə bəzi vətəndaşların məsuliyyətsizliyi üzündən yarandığını xatırladıb. Eyni zamanda, mövcud şəraitin diqqət mərkəzində saxlanıldığını, xəstəxanaların reanimasiya şöbələrində kifayət qədər yer olduğunu qeyd edib. Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus Prezident İlham Əliyevə və digər ölkələrin liderlərinə ünvanladığı məktubunda, habelə müxtəlif çıxışlarında dövlətimizin başçısının pandemiyaya qarşı mübarizənin ilk günlərindən etibarən COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində siyasətini təqdir edib. Xatırladaq ki, ÜST-ün Baş direktorunun beynəlxalq ictimaiyyətə müraciətində diqqətə yönəltdiyi bir sıra önəmli addımlar ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin tərkib hissəsi olub. Belə ki, Azərbaycanda ötən müddətdə dövlət qurumları arasında koordinasiya gücləndirilib, ictimai toplantılar dayandırılıb, test, izolyasiya və karantinin həyata keçirilməsi üçün müvafiq strukturlar yeni şəraitə uyğunlaşdırılıb, səhiyyə təşkilatları müvafiq resurslarla təmin edilib, əhaliyə xəstəliyin ciddiliyi izah olunaraq, qorunma prinsipləri haqqında vaxtaşırı məlumatlar verilib. Bütün bunlarla bərabər xəstəliyə yoluxması şübhə doğuran şəxslərin təcrid olunmasına xüsusi önəm verilib. Ən başlıcası isə pandemiyadan ən çox zərər çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi istiqamətində mühüm tədbirlərin gerçəkləşdirilməsinə başlanılıb.
      COVID-19-un yaşandığı əksər dövlətlərdə isə hazırda fərqli şərait hökm sürür. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alırlar. Xəstəxanalarda tibbi ləvazimatların və avadanlıqların təchizatı yüksək səviyyədə reallaşdırılıb. Vətəndaşlarımız müxtəlif ölkələrdən təşkil olunan çarter reysləri vasitəsilə təxliyə edilərək, dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdiriliblər. Amma yuxarıda xatırlatdığımız kimi, əksər xarici ölkələrdə koronavirusla mübarizədə ciddi narahatlıq yaşanır. Dövlətimizin başçısı çıxışında bu barədə deyib: “Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.
       Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm rol oynadığını, bu məqsədlə dövlətin ayırdığı böyük vəsait hesabına tibbi avadanlıq, dərman preparatları, yeni laboratoriyalar alındığını bildirib. Eyni zamanda, COVID-19-dan əziyyət çəkən işsiz şəxslərə, aztəminatlı təbəqəyə aid insanlara, sahibkarlara böyük həcmdə maliyyə vəsaiti xərclənib. Beləliklə, sosial dəstək tədbirlərinin miqyası genişləndirilməklə bir daha həyata keçirilən siyasətin önündə vətəndaş amilinin dayandığı, eyni zamanda, dövlətimizin başçısının hər bir vətəndaşın Prezidenti olduğu təsdiqlənib.
Bütün bunların nəticəsidir ki, xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, dövlətimizin başçısına göndərilən təşəkkür məktublarında da bu siyasətin alternativsizliyi xüsusi vurğulanır, əldə olunan uğurlar yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən siyasətə mütləq inam və etimad bəslədikləridən, xalqiqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyindən xəbər verir.
        Prezident İlham Əliyev çıxışında vətəndaşlara virusdan qorunmaq üçün müvafiq tövsiyələrini də çatdıraraq, tibbi maskalardan daha çox istifadə edilməsinin zəruriliyini, bütün qapalı yerlərdə – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində bu qoruyucu vasitəyə üstünlük verilməsinin önəminibildirib: “Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”. Ölkə rəhbərinin çıxışında diqqətçəkən bir məqama da toxunmaq istərdik.
       Azərbaycan Prezidentinin təşəbbüsləri ilə koronavirusla mübarizə məsələləri yalnız ölkə daxilini əhatə etmir. Respublikamızın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrliyindən irəli gələrək Prezident İlham Əliyevin təşəbbüsləri ilə bir müddət əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirilib. Bununla da Azərbaycan Prezidenti koronavirusla mübarizədə qlobal səyləri birləşdirib. İlham Əliyevin qeyd etdiyi kimi, bizim onsuz da yüksək səviyyədə olan beynəlxalq imicimizə də bu, növbəti bir töhfədir.
       Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına fərdi qaydada iki dəfə ianə verməsi və beləliklə də, 29 ölkəyə humanitar yardım göstərməsi, fərdi qaydada isə 15 ölkəyə humanitar yardım etməsi də Azərbaycanın qlobal səviyyədə koronavirusla mübarizəyə verdiyi töhfələrdir. Bütün bunlar beynəlxalq ictimaiyyət, o cümlədən ÜST tərəfindən yüksək qiymətləndirilib.
     Ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təkcə inkişaf yolu qət etmir, dövlət başçısı fövqəladə hallar, təbii fəlakətlər zamanı zərər çəkən vətəndaşlarının sosial rifahının qayğısına qalır.
Bütün dünyanın koronavirusla mübarizə apardığı bir dövrdə də ölkə rəhbəri insan amilinin əsas olduğunu diqqətə çatdırır, açıq şəkildə bildirir ki, dövlətin yürütdüyü siyasətdə əsas amil vətəndaşların sağlamlığı, təhlükəsizliyi və rifahıdır.

Keçidlər